İnternet. Azərbaycan İnternet Resursları
kitabının yenidən işlənmiş 2-ci nəşri
haqqında qısa məlumat
2006-cı ilin aprelində İnternet. Azərbaycan İnternet Resursları kitabının yenidən işlənmiş 2-ci nəşri çap edilib. Kitab 250 səhifə həcmindədir. Kitabın bütün fəsilləri yenidən işlənib. 2000-dək milli veb-resurs haqqında məlumat kitaba daxil edilib. Kitabın strukturu dəyişilməyib və bu haqda aşağıda məlumat verilib.
İnternet. Azərbaycan İnternet Resursları kitabı müəllif, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən bir neçə il ərzində toplanan materiallar əsasında hazırlanıb. Azərbaycan dilində populyar formada ilk dəfə olaraq nəşr olunan kitabın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədlidir.

Kitab İnternetdən Azərbaycandilli istifadəçilərin daha səmərəli və effektiv işinə yardım məqsədilə yazılıb.
Kitab üç fəsildən ibarətdir.
İnternetə ümumi baxış adlanan birinci fəsil kompüter haqqında az-çox biliyə malik insanlara İnternetdən istifadə qaydalarını öyrədir. İnternet xidmətləri haqqında, e-poçt haqqında , İnternet bağlantısının formaları və Provayderlərin seçilməsi , İnformasiya təhlükəsizliyi və İnternetdə uşaqların təhlükəsizliyi ilə bağlı bilgilər də kitabın bu fəslinə daxil edilib.
Azərbaycan İnterneti adlanan ikinci fəsil İnternetin ölkəmizə gəlişi, formalaşması, inkişafı və cari vəziyyəti haqqındadır. Bu fəsildə siz Azərbaycanın İnternet infrastrukturu haqqında, milli Provayderlər və WEB studiyalar haqqında, Azərbaycan İnternetinin spesifik xüsusiyyətləri ( şrift problemi, Azərbaycan dilində axtarış , transliterasiya, .az domeni və s.) haqqında məlumatları əldə edə bilərsiniz.
Azərbaycanın İnternet Resursları adlanan üçüncü fəsil Azərbaycandilli İnternet resursların kataloqundan ibarətdir. Kataloq mövzular üzrə bölünüb (Azərbaycan haqqında, dövlət qurumları, cəmiyyət, xəbərlər, biznes, diaspora, elm və təhsil və s.). Kataloqa Azərbaycanda və xarici serverlərdə yerləşən 2000dək milli web resurs haqqında qısa icmal və ünvan daxil edilib. Azərbaycan İnterneti haqqında hər şeyi buradan əldə edə bilərsiniz. Kataloq müxtəlif mövzular üzrə 33 bölmə və 110 alt bölmə üzrə sistemləşdirilib . Kataloqa, əsasən, Azərbaycan dilində informasiya ilə zəngin olan resurslar daxil edilib. Kataloq uzun illər boyu müəllif tərəfindən toplanan İnternet ünvanların yenidən bir-bir baxılması, aktivliyinin yoxlanılması, ümumiyyətlə Azərbaycandilli resursların monitorinqi əsasında tərtib edilib.
Nəfis formada tərtib olunmuş kitab 250 səhifə həcmindədir.
Multimedia Mərkəzinin vəsaiti hesabına hazırlanan kitabın çap xərcinin müəyyən hissəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT İP tərəfindən dəstəklənən Milli E-idarəçilik şəbəkəsi təşəbbüsü Layihəsi çərçivəsində, Hewlett Packard şirkətinin Azərbaycan nümayəndəliyi , Azeurotel və CATEL şirkətləri tərəfindən ödənilib.
Multmedia Mərkəzi
492-44-44
311-70-45
İnternet. Azərbaycan İnternet Resursları kitabının 1- ci nəşrinin Təqdimatı /fotoarxiv/



