Multimedia Mərkəzinin bəyanatı

Multimedia Mərkəzi cari ilin 11 aprel tarixinə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə bağlı ictimaiyyətə aşağıdakıları bəyan etməyi zəruri hesab edir:

Azərbaycanda milli iqtisadiyyatın müxtəlif sektorları və müxtəlif dövrlər üçün iqtisadi inkişaf strategiyasını, uzunmüddətli hədəf baxışları, inkişaf məqsədləri və prinsipləri müəyyən edən Strateji Yol Xəritələri təsdiqlənmişdir.

Vətəndaşların dövlət xidmətlərini daha çevik, rahat və şəffaf formada əldə etməsi üçün yaradılan ASAN xidmətin təsir sahəsi genişlənməkdə və elektron xidmətlərin inkişafında daha yeni, innovativ həllərə üstünlük verilməkdədir.

Son illər idarəetmədə şəffaflıq artmış, elektron hökumət quruculuğu və açıq hökumətin təşviqi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilmiş və tam rəqəmsal hökumətə keçid prosesi sürətlənmişdir.

Ölkədə yeni texnologiyaların və innovasiyaların tətbiqi genişləmiş, ixrac potensialı və rəqabətlilik qabiliyyəti güclənmişdir.

Ötən dövr ərzində ilbəil Azərbaycan regional və qlobal layihələrdə iştirakını genişləndirməklə bərabər beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyini intensivləşdirib.

Azərbaycanın yerləşdiyi geopolitik bölgənin çox həssas tarazlıq tələb etdiyi nəzərə alındıqda, xarici siyasətdə və qonşularla münasibətdə mümkün olan ən uğurlu əməkdaşlıq və qarşılıqlı etimad sistemi qurulmuş, ölkəmiz bölgədəki terrorizm gərginliyindən uzaq tutula bilmişdir.

Bütün bu uğurlar son 15 ildə ölkənin siyasi lideri İlham Əliyevin şəxsi təşəbbüsü və çabaları ilə mümkün olmuşdur.
11 aprel tarixində keçiriləcək səsvermədə iştirak edən namizədlərə hörmətimiz qalmaqla bərabər, hesab edirik ki, mövcud xarici və daxili kursun davam etməsi üçün prezidentliyə namizəd İlham Əliyevin dəstəklənməsi zəruridir.
Biz ölkənin ictimai həyatında özünəməxsus rolu və yeri olan bir QHT kimi bütün seçiciləri namizədlər arasında ən real namizəd olan İlham Əliyevə səs verməyə çağırırıq.
İnanırıq ki, məhz o, Azərbaycanın son illərdə uğurla yürütdüyü özünütəsdiq siyasətini davam etdirə və ölkəmizi daha da irəli apara bilər.

Osman Gündüz
Multimedia Mərkəzi
02 aprel 2018, Bakı şəhəri