Elektron xidmətlərin təşkilinin daha effektiv qurulması ilə bağlı Multimedia Mərkəzinin hazırladığı TƏKLİFLƏR VƏ TÖVSİYƏLƏR

251994_446434398730030_1948562579_nTƏKLİFLƏR VƏ TÖVSİYƏLƏR

Qeyd: Bu Təkliflər və tövsiyələr 10.11.2011-ci il tarixdə
Multimedia Mərkəzi tərəfindən
Baş nazir Artur Rasizadəyə və
Rabitə və İnformasiya Texnologiyaları
naziri Əli Abbasova göndərilib

1. Ölkədə dövlət və bələdiyyə qurumları tərəfindən təqdim olunan bütün xidmətlərin inventarizasiyasını aparmaq və xidmətlərin ümumi bir siyahısını hazırlamaq.

2. Hansı xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı hökumət tərəfindən Mərkəzi icra hakimiyyəti orqanları üçün tövsiyə xarakterli, göstəriləcək xidmətlərin kütləvi və sosial əhəmiyyət kəsb etməsi prinsiplərini əks etdirən bir göstəriş verilməsi məqsədəuyğun olardı.

3. Konkret hər bir xidmətin nə zaman və hansı formada (informativ və ya interaktiv) elektron formaya keçirilməsi ilə bağlı keçid mərhələlərini əks etdirən Plan hazırlamaq.

4. Elektron xidmətlərin təşkili il bağlı Qanun qəbulu daha faydalı olardı. Burada dövlət orqanlarında bu prosesin təşkili, xidmətlərin reqlamentləşdirilməsi prinsipləri, elektron portalın strukturu və xidmətin normal təqdim edilməsinə cavabdeh operatorlar (kontent və texniki-texnoloji) müəyyən olunur.

5. Elektron hökumət və informasiyalaşma ilə bağlı işlərin effektiv qurulması məqsədilə hər bir dövlət qurumunda məsul şəxslər, strukturlar yaratmaq. Hazırda bəzi dövlət qurumlarında bu prosesin konkret İKT şöbəsinə həvalə edilməsi müşahidə olunur ki, fikrimizcə bu düzgün yanaşma deyildir.

6. Elektron hökumətin formalaşması ilə bağlı konseptual bir sənəd hazırlamaq. Prioritetlərin, prinsiplərin , keçid müddəalarının bu sənəddə nəzərdə tutulması faydalı olardı.

7. Sərəncamda nəzərdə tutulan vahid Portalla bağlı, onun strukturu , konsepsiyası , operatoru haqqında, həmçinin dövlət qurumlarının müxtəlif platformalı informasiya sistemlərinin inteqrasiyasının qaydaları haqqında tənzimləyici sənədlər qəbul etmək.

8. Elektron hökumətlə və ümumiyyətlə ölkədə İnformasiyalaşma ilə bağlı icra işlərinə nəzarəti gücləndirmək, bu istiqamətdəki Layihələrin effektivliyini artırmaq məqsədilə Prezident və ya hökumət yanında Koordinasiyaedici bir Struktur formalaşdırmaq.

9. Dövlət büdcəsində “İKT sahəsində xidmətlər, işlər, İKT avadanlıqlarI “ adlanan büdcə xərcləri bölməsi yaratmaq. Xərclərin müəyyən olunmasında RİTN-nin və ekspertlərin iştirakı səmərəli olardı

10. Elektron bələdiyyə və bələdiyyə xidmətlərinin elektron formada təqdim edilməsi ilə bağlı ayrıca dövlət proqramını hazırlamaq.

11. Bakı şəhər İH və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi məqsədilə bu qurumların təqdim etdiyi bütün xidmətlərin reyestrini hazırlanmaq.

12. Elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət Proqramları və Layihələrində bütün maraqlı tərəflərin iştirakına diqqəti artırmaq, həmçinin İnformasiya əldə edilməsi haqqında Qanunun tələblərinin yerinə yetirilməsi məqsədilə informasiya açıqlığını gücləndirmək. “Elektron hökumət dövlət informasiya sistemi” Layihəsinin internet resursunu hazırlamaq və bu istiqamətdə fəaliyyətlə bağlı informasiyaları ictimaiyyətə açıqlamaq.