İnternet texnologiyaların, sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda Təlimlər başa çatıb. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Təlimlərin başa çatması ilə bağlı iştirakçılara Sertifikatların təqdimat mərasimi keçirilib. Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz çıxış edərək Layihə haqqında və Təlimlər haqqında məlumat verib. Layihənin məqsədinin ölkədə təhsilin inkişafına kömək etmək olduğunu bildirib. ÜSAİD-in əməkdaşı Ülvi İsmayıl, İREX –in Yeni Media Proqramının rəhbəri Angela Nicoara və bu qurumun hüquqşunası Ələsgər Məmmədli çıxış edərək Layihənin gerçəkləşməsi nəticəsində əldə olunan bilik və bacarıqların tədris prosesində faydalı olacağını vurğulayıblar. Onlar ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsində maraqlı olduqlarını bildiriblər. Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev də Sertifikatların təqdim edilməsində iştirak edib.


Təlimlərdə 25 məktəbdən 30 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin “Eelektron məktəb” Layihəsinə qoşulan məktəblərin müəllimləri üstünlük təşkil edib.
Beş gün davam edən Təlim müddətində müəllimlər müxtəlif sosial servislərdən (foto, audio və video servislər, coğrafi servislər, kollektif redaktə imkanı verən servislərdən, mobil servislərdən və s) tədris məqsədi ilə istifadə sahəsində, o cümlədən bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması sahəsində, sosial İnternetdən və təhlükəsiz İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə sahəsində bilik və bacarıqlar əldə ediblər. Təlimlərdə müəllimlərə nəzəri biliklər verilməklə bərabər daha çox praktiki bacarıqların formalaşmasına diqqət yetirilib.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarbəyova, Almaz Həsrət, Osman Gündüz, İlqar Mirzə və Rəşad Əliyev tərəfindən aparılıb.
Layihənin gələcəkdə digər təhsil müəssisələri və digər fənn müəllimlərini də əhatə etməklə davam etdirilməsi nəzərdə tutulub.
Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Tədbirin videosunu  bu linkdən http://www.cit.az/video/informasiya-texnologiyalari-ve-sosial-servislerin-tedris-prosesinde-rolu-movzusunda-kecirilmis-treninqin-sertifikatlarinin-teqdimat-merasimi izləmək olar.

Multimedia Mərkəzi
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az