Bu gün İREX –də Multimedia Mərkəzinin təşəbbüsü ilə Jurnalistika təhsili verən Universitetlərin Yeni media üzrə fənn müəllimlərinin görüşü keçirilib.
Görüşdə Multimedia Mərkəzinin həyata keçirdiyi “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində hazırlanan Yeni media fənlərinin tədris modullarından istifadə məsələləri, bu fənlərdə nəzərdə tutulan mövzular üzrə İREX tərəfindən dəstəklənən Layihə çərçivəsində hazırlanacaq tədris materialları və gələcəkdə yeni media fənnin tədris edən müəllimlərə metodiki-informasiya dəstəyi ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə Yeni medianın tədrisinin təkmilləşdirilməsi istiqamətində addımların davam etdirilməsi zəruri hesab edilib. Növbəti dərs ilində Universitetlərdəki şəraitdən asılı olaraq Yeni media ilə bağlı müxtəlif fənlərin tədrisinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
İlkin mərhələdə Universitetlərin yeni media bazarı sahəsində fəaliyyət göstərən mütəxəssislərdən tədris prosesinin qurulması üçün faydalanması mümkün variant kimi nəzərə alınıb. Bununla belə gələcəkdə Universitetlərin yeni media ilə əlaqəli kadrlar hazırlanmasına diqqət yetirmələri vacib hesab edilib.
İREX tərəfindən yeni medianın tədrisinin dəstəklənməsi isə atılacaq addımların xeyli faydalı olacağı bildirilib.
Toplantıda Yeni medianın tədrisi üçün gərəkli olan təlim materiallarının hazırlanmasının avqustun sonunadək başa çatdırılacağı, bu resursların həmdə kitab formada çap ediləcəyi və sentyabr ayında yeni medianı tədris edənlər üçün xarici ekspertin də iştirakı ilə Treninqlərin keçiriləcəyi diqqətə çatdırılıb.