17.01.2008 Azərbaycan İnternet Forumunun Məlumatı
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Təqdimat mərasimi keçirilib.
RİTN-nin nazir müavini Elmir Vəlizadə və İnformasiya Cəmiyyətinin İnkişafı Departamentinin rəhbəri Rüfət Gülməmmədov ölkədə informasiya cəmiyyəti quruculuğu sahəsində gedən proseslər və qeyd olunan Layihənin bu sahədəki rolu haqqında məlumat veriblər.
Layihənin məqsədinin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olduğu bildirilib.
Layihənin koordinatoru , AİF-in prezidenti Osman Gündüz “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunları ilə bağlı məlumat verib. O, Layihə çərçivəsində Jurnalistlər üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli 20 məşğələnin keçirildiyini bildirib. İki ay davam edən Treninqlərin ölkənin İKT və media sahəsində ən tanınmış 15 mütəxəssisi tərəfindən keçirildiyi bildirilib. O , həmçinin Layihə çərçivəsində “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə Müsabiqənin keçirildiyini qeyd edib. Birinci nominasiya üzrə Müsabiqəyə 23 Jurnalist tərəfindən yazı təqdim olunduğu, 2-ci nominasiya üzrə İnformasiya Cəmiyyəti quruculuğuna daha çox yer ayıran 10 Azərbaycan dilli qəzetlərin monitorinqinin aparıldığını qeyd edib. Hər iki nominasiya üzrə nəticələrin tanınmış media və İKT ictimaiyyətinin nümayəndələrindən ibarət olan Münsiflər Heyəti tərəfindən qiymətləndirildiyini vurğulayıb.
HP şirkətinin nümayəndəsi Rasim Bəxşi və ULTRA şirkətinin prezidenti Tahir Mirkişili bu tip Layihələrin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan verəcəyini bildiriblər. Özəl sektorun nümayəndələri olaraq bu sahənin inkişafında maraqlı olduqlarını və hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.
Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla başa vuran 32 nəfərə SERTİFİKATLAR təqdim olunub.
Münsiflər Heyətinin üzvləri Layihə çərçivəsində təşkil olunan Müsabiqənin qaliblərini elan ediblər.
“İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri “525-ci qəzet” in müxbiri Zamirə İlqar qazanıb. Bu nominasiya üzrə 2-ci yeri iki jurnalist tutub : Gün səhər –dən Elxan Salahov və “Yeni Azərbaycan” dan Turanə Qadir. Bu nominasiya üzrə 3-cü yeri də 2 nəfər qazanıb: “Mərkəz” –dən Aynur Haqverdiyeva və “ Xalq Cəbhəsi”ndən Bəxtiyar Məmmədli.
“İnformasiya Cəmiyyətinin KİV-i” nominasiyası üzrə 1-ci yeri “525-ci qəzet” qazanıb. Bu nominasiya üzrə 2-ci yeri iki qəzet – “Mərkəz” və “Yeni Azərbaycan” qəzetləri , 3-cü yeri isə digər iki qəzet – “Üç nöqtə” və “ Xalq Cəbhəsi” qəzetləri tutub.
Qaliblərə Diplomlar və HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri təqdim olunub.
Tədbirdə BDU-nun və Slavyan Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və Rəhilə Qeybullayeva, Müstəqil ekspertlər Qulu Məhərrəmli və Azər Həsrət, 525-ci qəzetin Baş redaktoru Rəşad Məcid , “Üç nöqtə” nin Baş redaktoru Xoşqədəm Baxşəliyeva, Xalq Cəbhəsi və Mərkəz Qəzetlərinin Baş redaktorları Elçin Mirzəbəyli və Şirzad Məmmədli və digərləri çıxış edərək müasir dövrdə dövlət , özəl və ictimai qurum tərəfindən dəstəklənən bu tip Layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.
Layihə RİTN, AİF, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilib.
Layihə haqqında geniş məlumat www.cit.az saytında yerləşdirilib.
AİF
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az