Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanılıb.

Hər il olduğu kimi bu il də Multimedia Mərkəzi  dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb. Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini araşdırır və müvafiQ Hesabatlar və dövlət qurumlarının  informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.

Bu il həyata keçiləcək Monitorinq prosesində  74 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və  67 Yerli icra orqanının  (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.

Mərkəzin ekspertləri tərəfindən Monitorinqin Metodikası daha da təkmilləşdirilib. Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla hazırlanıb.

Hər zaman olduğu kimi yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən  13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi və s. bu parametrlərə daxildir.

Sentyabr ayınadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal  və Tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.

Monitorinq Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında Multimedia Mərkəzi tərəfindən həyata keçirilir.

Daha  geniş məlumat  www.informasiya.org  saytında  yerləşdirilib.

Multimedia Mərkəzi

Tel.: (99412) 4416054
Email: multimedia@cit.az