“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək

Multimedia Mərkəzi bildirir ki, 04 may 2012-ci il tarixdə, saat 11-də  Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Dəyirmi Masanın keçirilməsində məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.
Dəyirmi Masada Multimedia Mərkəzinin hazırladığı yeni medianın tədris modullarının müzakirəsi nəzərdə tutulub.

Mərkəz ölkədə jurnalistika təhsili verən Universitetlərdə tədrisi nəzərdə tutulan dörd yeni media fənninin tədris proqramlarının layihələrini hazırlayıb. Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin və yeni media mütəxəssislərinin məsləhətləşmələri əsasında hazırlanıb. Tədris proqramları ölkədə yeni medianın inkişaf perspektivləri, yeni media bazarında kadrlara olan tələbat və təhsil alanların praktiki bacarıqlarının gücləndirilməsi amilləri nəzərə almaqla hazırlanıb. Mövcud təhsil standartlarına uyğun hazırlanan fənlərin həm fundamental, həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.

Dəyirmi Masada Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin yeni media bazarının tələblərinə uyğunlaşdırılaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr təşkil olunacaq.

Dəyirmi Masanın yekununda irəli sürülən təklif və tövsiyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənməsi və jurnalistika təhsili verən ali təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulub.

Dəyirmi Masada İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Dəyirmi Masa Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir.

Layihə ABŞ – Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Multimedia Mərkəzi
492 44 44
www.cit.az
www.xeberler.az
multimedia@cit.az