Bu gun Multimedia Mərkəzinin təşkilatçılığı ilə “Caspian Business Center”də “Elektron hökumət” dən yazan jurnalistlər üçün təlimə start verilib. Ölkə universitetlərinin jurnalistika fakültəsinin mediada çalışan tələbələri üçün nəzərdə tutulan təlimi Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz açaraq iştirakçıları təlimin proqramı ilə tanış edib. O təlimin əsas məqsədinin elektron hökumətdən yazan peşəkar jurnalistlərin hazırlanmasına kömək olduğunu qeyd edib. Təlimin ilk günü Elektron hökumət və Açıq Hökumətin üstünlüklərinin geniş ictimaiyyətə çatdırılması mövzusu üzrə davam edib. “Elektron hökumət” və “Açıq Hökumət” anlayışı, Elektron hökumətin başlıca elementləri, Elektron hökumət infrastrukturu, Açıq hökumətin əsas prinsipləri, Elektron hökumət və elektron demokratiya, Açıq Hökumət təşəbbüsləri, Korrupsiyanın qarşısının alınmasında elektron hökumətin rolu bölmələri ətrafında müzakirələr aparılıb.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev “Elektron hökumət nədir, bu sahədə hökumətin gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb. Təlim prosesi sual-cavab şəklində aparılıb. Daha sonra SİNAM İnformasiya Texnologiyaları şirkətinin nümayəndəsi Firudin Əhmədov Elektron hökumətin başlıca elementləri haqda danışıb. İKT-nin imkanlarından istifadə etməklə hökumət-vətəndaş arasında qarşılıqlı əlaqələrin sadələşdirilməsi yolları barədə məlumat verib.
Qeyd edək ki, təlim bir həftə davam edəcək.